Azərbaycanın yüzlərlə
tarixi-dini abidələri erməni vandalizmi nəticəsində məhv edilib
Erməni işğalçılarının barbar hərəkətləri "Silahlı münaqişə baş
verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına ziddir
Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş
ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan
edilərək sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar
dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət
edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir
daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də
danılmaz faktdır.Maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı
ciddi dəlil-sübutlar, faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi
Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı,
deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri
nəticəsində sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239,
banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla,
287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları
çıxarılmışdır. Ərazimizə qarşı böyük iddialarla çıxış edən Ermənistan qanunsuz
silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan
əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və
vətəndaşlarına küllü miqdarda artıq ziyan vurmuşdur. Bu maddi və mənəvi ziyanla
bağlı dünya ölkələrinə məlumatlar rəsmi orqanlar tərəfindən çatdırılmışdır. O
cümlədən, Azərbaycanın işğal altında olan mədəniyyət abidələrinin siyahısı
Avropa Şurasının mədəniyyət, mədəni və təbii irsin siyahısı departamentinin
direktoruna təqdim edilib. Statistikaya istinadən deyə bilərik ki, işğal
altında olan ərazidə 1890 mədəniyyət abidəsi qalıb. Ermənistanda da
azərbaycanlıların çoxsaylı mədəniyyət abidələri var. Sadəcə, onların tam
siyahısını müəyyən etmək mümkün deyil. Azərbaycanın işğal olunmuş ərazilərində
erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin
dağıdılması və qəsdən korlanması “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa
Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun
konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan
mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib.
Çoxəsrlik tarixi olan Qarabağ ərazisində yerləşən Azıx mağarası bu
gün işğal altındadır. Mağara Azərbaycanın Füzuli rayonu ərazisindədir. Vaxtilə
dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan
torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan
sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur. Mağaranın sahəsi 800
kv.m-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin
bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə
qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir. Azıx
mağarası haqqında dünya çox az məlumata malikdir. Məlum həqiqətdir ki, sovet imperiyası dövründə bu mağarada
axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə
yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilmirdi. Bunun nəticəsidir
ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı
haqqında dünya hələ də çox az şey bilir.
İşğal altında olan Qarabağ abidələri sırasında Füzuli ərazisində
yerləşən Şeyx Babi Yaqub türbəsi Qarabağ xanlarının mədəni-maarif
fəaliyyətindən xəbər verir. Bu abidə XIII əsr türbəsi olaraq qəbul edilir.
Füzulinin Əhmədallar kəndində, orta əsr qəbiristanlığının yerində
sənduqəformalı qəbir daşı, Qarğabazar kəndində “Şah Abbas” karvansarasından
yuxarı, qayanın üstündə “Qiyas əd-Din” məscidi (yerli əhali onu “Şah Abbas”
məscidi adlandırırdı) Azərbaycanın tarixi abidələri arasında tarixiliyi ilə
əhəmiyyətlidir.
Azərbaycan ərazisində at heykəlli qəbirlər adı ilə tanınan
abidələrimiz də Ermənistanın işğalı altındadır. Laçın rayonunun Malıbəy
kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında və Almazzisxevndə yerləşən at heykəlli
abidənin bud tərəfində həkk olunan üç horizontal və bir vertikal xətt çox
maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət
motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol
oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın
rayonu ilə bağlı olan tarixi mənbələrdə qeyd olunur ki, bu ərazidə Malıbəy,
Güləbird kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində
quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim türk xalqlarının tanrısı
Humay quşu idi və bunun abidələrin üzərində təsvir olunması, güman ki,
abidələri dağılmaqdan qorunma məqsədi daşıyırdı.
Şərəkə çayının hövzəsində yerləşən bir sıra türbələr öz memarlıq-konstruktiv
formasına görə seçilir ki, bu da Zəngilan ərazisinə daxildir. Zəngilan
rayonunun Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd türbəsi, Cəbrayıl
rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi tarixi baxımdan zəngin olan
abidələrdir. Şıxbaba türbəsinin ətrafında orta əsr qəbiristanlığı yerləşir.
Türbədən bir qədər aralı Şeyxzadə Şeyx abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin
məzarı salınıb. Türbənin ətrafında şeyxin davamçılarının baş daşları pərakəndə
şəkildə yerləşir. Bu ərazilərdə yerləşən sənduqə, başdaşı formalı, qoç, at
heykəlli qəbir daşları ərəb-fars-Azərbaycan dilli yazılarla və müxtəlif
relyeflərlə Azərbaycan xalqının həyat və məişətinin müxtəlif tərəflərini əks
etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə
aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra
məsələləri işıqlandırır.
Zəngilanın memarlıq abidələrindən biri də Məmmədbəyli kəndindəki
türbədir. Səkkiz tilli prizma şəklində tikilən bu türbənin yuxarısı piramidalı
kümbəzlə tamamlanır. Türbənin giriş qapısı üstündə nəsx xətti ilə yazılmış
ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və
nə vaxt tikildiyi göstərilib. Türbənin 678 yaşı var.
Bu gün Zəngilan
qəbiristanlıqları da erməni işğalı altındadır. Tarixi mənbələrdə göstərilir ki,
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvi Zəngilanın
əsasının hicri tarixinin 15-ci ilində, yəni 6336-cı ildə qoyulduğunu bildirib.
Deməli, Zəngilanın 1360 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su
qovşağının yaradılması ilə əlaqədar olaraq burada 1974-cü və 1979-cu illərdə
arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, ərazi arxeoloji və memarlıq
abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan
abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub
dağıdıb və ya yuyub aparıb. Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki
qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə
məxsus sərdabə tipli qəbirlərdir. İkinci qəbiristanlıq isə şəhərin
cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki
qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb.
Azərbaycanın ermənilər
tərəfindən işğal altında olan ərazilərində saysız- hesabsız miqdarda abidələrimiz
var. Həm işğal altında olan, həm də işğaldan azad olunmuş ərazidə olan tarixi
abidələr erməni işğalçıları tərəfindən dağıdılmışdır. Tarixi və memarlıq
abidələri haqda məlumatlara nəzər yetirərkən işğal altında olan nə qədər sayda
dini və mədəniyyət abidələri ilə tanış oluruq. Qarğabazar kəndində Cəlil
türbəsi, Aşağı Veysəlli kəndində Mirəli türbəsi, Qocəhmədli kəndində məscid
binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi,
Füzuli şəhərində məscid binası, Aşağı Aybasanlı kəndində İbrahim türbəsi və s.
onlarla belə tarixi əhəmiyyətli abidələr işğal altındadır. Ermənistanın işğalı
nəticəsində saysız mədəni
abidələr dağıdılmışdır. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı
olan ərazi iddiaları nəticəsində
baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini,
onun mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında
olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər
Ermənistanın özünü təsdiqləmək, qondarma “tarixi mədəniyyəti”ni yaratmaq
siyasətinə xidmət edir. Sözsüz ki, Ermənistanın öz xristianlıq tarixini islam
mədəniyəti üzərində yaratmaq xülyası ilə ziddiyyət təşkil edir. Ancaq Cənubi
Qafqazdakı bir çox yazılı mənbələr, əlimizdə olan rəsmi sənədlər, arxivlər və
fotoşəkillər daha çox Azərbaycanla bağlıdır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 24 may.- S. 13.
Hiç yorum yok:
Yorum Gönder